Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirildi

Prezident İlham Əliyev 2022 Formula 1 Azərbaycan Qran Pri
yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam
imzalayıb.

Trend xəbər verir ki, sərəncamda deyilir:

1. Müəyyən edilsin ki, 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı
ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci
hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il mayın 10-dan
iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab
edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan
“Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil
Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan
keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan
keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan
keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya
biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula
One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil
Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat
versin;

3.2. 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava
limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq
imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirliklərinin və
konsulluqlarının internet informasiya ehtiyatlarında
yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya
şirkətlərinə 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat
versin.

Teqlər: