“Ford” yanğın təhlükəsi səbəbindən 40 min avtomobilini geri çağırır

Avtomobil istehsalçısı “Ford” qəfil yanğın riskini artıran qüsur
səbəbindən 39 min yolsuzluq avtomobilini geri çağıracaq.

Trend xəbər
verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, şirkətə avtomobillərdə baş verən yanğınlarla
bağlı 16 müraciət daxil olub. Hazırda “Ford” problem həll olunana
qədər avtomobilləri açıq havada, binalardan uzaqda saxlamağa
çağırır.

Avtomobil istehsalçısı bildirib ki, mühərrikdə alovlanma
avtomobil hərəkətdə olarkən, park edilərkən və hətta avtomobil
işləmədiyi zaman da baş verə bilər. Şirkət hələ də bu problemi necə
həll edəcəyini bilmir. Yanğınlar zamanı xəsarət alan olmayıb, yanan
avtomobillərin əksəriyyəti icarə xidmətlərinə məxsus olub.

Geri çağırma 2021-ci il Ford Expedition və Lincoln Navigator
modellərinə şamil ediləcək. “Ford” 310 min Super Duty F-250, F-350,
F-450 və F-550 yük avtomobillərini nasaz hava yastığı probleminə
görə geri çağırdığını da açıqlayıb.

“Ford” bu il digər avtomobil istehsalçılarından daha çox
avtomobili geri çağırıb. Şirkət 30 dəfə avtomobillərin geri
çağırdığını elan edib və bu, 3,5 milyon avtomobilə şamil
olunub.