Sofiya Opera və Balet Teatrında Azərbaycan Respublikasının
Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə dahi bəstəkar
Fikrət Əmirovun “Min bir gecə” baleti səhnələşdirilib.
Xarici İşlər Nazirliyindən
Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının
Bolqarıstan Respublikasındakı Səfirliyi və Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilın qala balet
gecəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun
Bayramov və Bolqarıstan Respublikası xarici işlər naziri Teodora
Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik
korpusun nümayəndələri, çoxsaylı izləyicilər iştirak edib.
Gecənin açılışında çıxış edən nazir Ceyhun Bayramov Müsəlman
Şərqində ilk demokratik respublikanın 1918-ci ildə elan edilən
Azərbaycan Demokratik Respublikası olduğunu, 1991-ci ildə ölkəmizin
müstəqilliyini bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf
yolu keçdiyini qeyd edib. O, Azərbaycanın multikulturalizm
ənənələrinə hər zaman sadiq olduğunu və bu gün nümayiş etdirilən
baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə
layihəsi olaraq multikulturalizm nümunəsi olduğunu bildirib. Nazir
T.Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və
balet qala gecəsinin təşkilinin, eyni zamanda mədəniyyət sahəsində
ikitərəfli münasibətlərin inkişafına töhfə olduğunu bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay
Əfəndiyeva 100 illiyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız
Azərbaycanın deyil, bütün türk dünyasının dahi bəstəkarı olduğunu
qeyd edib və balet qalasının həm də türk mədəniyyətinin təşviq
edilməsi baxımından əhəmiyyətli olduğunu səsləndirib.
Dirijor Eyyub Quliyevin bələdçiliyi, Eldar Əliyevin
xoreoqrafiyası əsasında səhnələşdirilən baletdə bolqar balet
rəqqasları izləyicilərə unudulmaz qala gecəsi yaşadıblar. Böyük
marağa səbəb olan və çoşqu ilə qarşılanan balet tamaşasında anşlaq
olub.