İqtisadiyyat Nazirliyinin iki vəzifəli şəxsi həbs olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz
hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar
əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanılaraq istintaq aparılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş
Prokurorluğunun və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.
aparılmış istintaqla Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində
şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə
böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir
Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti
vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq,
yəni vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla
bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə
görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20
min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına
əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz əməlləri ilə əlaqədar Mircavad Haşımov və
Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb
olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1
(qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və
311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam,
hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin bütün dairəsinin
müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində
zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər: