Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux dağındakı hakim
yüksəklikləri tam nəzarətə götürdükdən sonra ərazidə aparılan
qazıntı işləri zamanı insan meyitlərinin qalıqları aşkarlanıb.
İnsan skeletləri Birinci Qarabağ müharibəsi zamanı erməni
quldurlarının kütləvi şəkildə qətlə yetirdiyi azərbaycanlılara
aiddir. Həmçinin, qalıqların bu ərazilərdə itkin düşən hərbi
qulluqçulara aid olması güman edilir. Bu hadisə 30 ilə yaxın gözü
yolda qalan bir çox valideynin ümid yeri oldu.
Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi dövründə Fərrux
yüksəkliyi uğrunda bir çox hərbi əməliyyatlar keçirilib. Bu
əməliyyatlar zamanı 62 azərbaycanlı itkin düşüb. Onlardan biri
Ağdam rayon Üçoğlan kənd sakini Hüseynov Cəsarət Binnət oğludur.
C.Hüseynov 1973-cü ildə doğulub. Könüllü olaraq orduya yazılan
Cəsarət Birinci Qarabağ müharibəsi zamanı istehkamçı kimi
döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı Şirin
Mirzəyevin yaratdığı 836 saylı alayın tərkibində 1992-ci il 19
oktyabr tarixində Fərrux dağının Daşbaşı yüksəkliyinin azad
edilməsi hərbi əməliyyatında iştirak edib. Cəsarətin elə son döyüşü
də orada olub. Ağır döyüşlərdən sonra o, itkin düşüb. Taleyindən
hələ də xəbər yoxdur.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Üçoğlan
kəndində olub, C.Hüseynovun ailəsinə baş çəkib, şəhidin ailə
üzvləri, yaxın qohumları ilə görüşüb. Onlar bildiriblər ki, Fərrux
kəndində tapılan insan qalıqları erməni quldurlarının soyqırımı
cinayətlərinin növbəti sübutudur. Şəhidin ailə üzvləri ümid edir
ki, övladları C.Hüseynovun da meyit qalıqları üzə çıxacaq və şəhidi
dəfn etməklə təskinlik tapacaqlar.
Onlar, həmçinin, qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
tarixi qələbə qazanıldı və şanlı Azərbaycan Ordusu ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımıların qisasını
döyüş meydanında aldı.
Trend TV-nin hazırladığı videoreportajı təqdim edirik: