Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi – Vüqar Rəhimzadə

“Azərbaycanın inkişaf modelinin dünyada təqdir edilməsini
şərtləndirən amillər sırasında zamanın tələblərinə uyğun
müəyyənləşdirilən hədəflər xüsusi yer tutur. Müstəqil Azərbaycanın
son illər ictimai-siyasi həyatın bütün sahələrində əldə etdiyi
uğurlar konkret məqsədlərə yönəlmiş təkmil iqtisadi siyasətin
nəticəsidir. Fərəhləndirici haldır ki, digər sahələrdə olduğu kimi,
ordu quruculuğu istiqamətində aparılan islahatlar da öz müsbət
nəticəsini verir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu
sırasında qərarlaşması da deyilənlərin təsdiqidir. Artıq bir ildən
artıqdır ki, tarixi Zəfərimiz dünyaya səs salıb və müharibə
təcrübəmiz dünyanın inkişaf etmiş ölkələrində belə öyrənilir.
Tarixi Zəfərimizə gedən yolu diqqətlə təhlil edərkən bu qənaətə
gəlirik ki, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Ordusunun
göstərdiyi şücaət şanlı Zəfərimizin sevincini yaşayacağımıza zəmin
yaratdı. Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi, hərbi
hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Bu gün müasir
tələblərə uyğun ordu formalaşdırmaq üçün NATO ilə əməkdaşlığı
gücləndirən Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan
islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir.
Ordunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz
olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, əsgər və
zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Diqqətəlayiq
faktdır ki, bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı
məhsul istehsal edilir. Azərbaycanın dünyanın mötəbər beynəlxalq
müdafiə sənayesi sərgilərində, ölkəmizdə keçirilən hərbi paradlarda
öz məhsullarını nümayiş etdirməsi hərbi potensialımızın təqdimatı
kimi dəyərləndirilir. Məhz buna görə də hazırda tarixə qovuşan
Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycan xalqı
Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, yenilməz
siyasi iradəsinə arxalandı, ordusunun qüdrətinə, öz gücünə
güvəndi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, 2016-cı ilin Aprel
döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş
etdirdi: “Aprel döyüşləri ordumuzun gücünün, xalqla ordunun
birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi
tarixə düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz
torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu döyüşlərin
gedişində Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə
düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində işğaldan
azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir sıra
yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalandı. Bu döyüşlər
göstərdi ki, başqalarının dəstəyi və himayəsi ilə “məğlubedilməz
ölkə”, “qüdrətli ordu” mifini yaradan işğalçı Ermənistan
Azərbaycanın qüdrətli ordusu qarşısında acizdir. Bu döyüşlər, eyni
zamanda, göstərdi ki, hər cür maddi imkanlara, hərbi qüdrətə malik
Azərbaycan ərazi bütövlüyümüzün bərpasına tam hazırdır. Ermənistan
silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalaraq geri
çəkildilər. Düşmənin çoxlu sayda zirehli texnikası, artilleriya
qurğuları sıradan çıxarıldı.”

“2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı
düşmənə sarsıdıcı zərbə olmaqla bir həqiqəti də dünya
ictimaiyyətinə xatırlatdı ki, Azərbaycan heç vaxt işğalla
barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək” söyləyən YAP
Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu əməliyyatlar Zəfər
müjdəmiz kimi dəyərləndirildi. Prezident İlham Əliyevin ətrafında
sıx birləşən xalq əmin idi ki, gün gələcək üçrəngli bayrağımız
işğaldan azad olunan bütün torpaqlarımızda dalğalanaraq qalibiyyət
rəmzi kimi düşmənə göz dağı olacaq. Ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyev daim çıxışlarında Lələtəpə əməliyyatını
qəhrəmanlıq rəmzimiz kimi dəyərləndirir. Dövlət başçısının “Əgər
erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə
çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu
əməliyyatlar olacaqdır” bəyanatının reallıqda təsdiqi 44 günlük
İkinci Qarabağ müharibəsi oldu. 27 sentyabr 2020-ci il tarixində
Ermənistan silahlı qüvvələrinin növbəti dəfə müxtəlif
istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması artıq
dövlətimizin, xalqımızın səbr kasasını daşdırdı.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük
Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi
bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən
dövlətlərə nümayiş etdirdi: “Bir addım belə mövqeyindən geri
çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı
7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın
qarşısında bir şərt qoydu – Torpaqlarımızdan rədd olub getmək. Ali
Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə
müqəddəs savaşın başlandığı sentyabrın 27-də xalqa müraciətində
erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və
qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın
üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda
dalğalanacağına əminlik ifadə edildi və bu əminlik gerçəkliyə
çevrildi. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə
qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi,
xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə
noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi. Bu gün xalqımız
tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, Qarabağa və Şərqi
Zəngəzura Böyük Qayıdışa hazırlıq görür. Cocuq Mərcanlı bu
qayıdışın başlanğıcı idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü,
qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində
bu qayıdış əbədidir.”

Teqlər: