Eyni istifadəçilərin Şuşaya müxtəlif şəxslərin adına biletlər aldığı aşkarlanıb – Nazirlik

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa
istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti
araşdırma aparıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, məlum olub ki, aprelin 26-da Şuşa və Ağdam
istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər
satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa –
Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə,
lakin qrup şəklində biletlər alıb. Araşdırma nəticəsində həmin
istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər
ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı
elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət
vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan
sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim
edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı
üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa
vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli
istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları
vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm
marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə
fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq
edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından
silinib.

Məlumat üçün bildiririk ki, biletləri kimlərinsə alması və daha
sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki
məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız
şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə
oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer
edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq
dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib
və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə
giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün
keçərlidir və ötürülməsi mümkün deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir
ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda
gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin
alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata
keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə
rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt
ünvanı, https://www.facebook.com/AzDANX
rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi
vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri
xahiş olunur.

Qeyd edək ki, may ayından etibarən Bakı – Şuşa – Bakı
istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə,
şənbə və bazar günləri reyslər həyata keçirilir.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü
– bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək
mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər
həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və
məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və
rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet
satışı yalnız www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada həyata keçirilir.

Teqlər: