Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub (FOTO)

Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası
Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi
parlament nümayəndə heyəti mayın 24-də Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərində olub.

AzerTimes-ın
məlumatına görə, qonaqları Milli Məclis sədrinin müavini Adil
Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi
qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar
Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər
rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki
vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə
danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki,
şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti
altında bərpa olunur.

Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri,
Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə
təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır.
Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa
şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində
gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından
tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı
Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş
çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın
görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün,
Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri
barədə məlumat verilib.

Teqlər: