Azərbaycanda Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)
rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin
optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və
effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları
İnformasiya Sistemi (AYİS) yaradılıb.

AzerTimes-ın məlumatına görə, bununla bağlı AAYDA-da keçirilən
təqdimat mərasimində qurumun İnformasiya texnologiyaları şöbəsinin
mütəxəssisi Rəşad Ələkbərov bildirib ki, 6 aylıq sınaq müddəti
ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına
əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə
cəlb edilmiş, Agentlik daxilində bütün yazışma və kargüzarlıq
fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən
istifadə edilməklə paralel şəkildə həyata keçirilib.

“Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının
işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan
nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi
kabineti yaradılmış və bu günədək 15 mindən artıq sənəd Avtomobil
Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınıb.

Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin Avtomobil
Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası
qoyulmuş, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı
nöqsanlar aradan qaldırılıb.

Məlumat üçün bildirək ki, AYİS proqram təminatında informasiya
axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları
rəhbər tutulmaqla aparılır.

Müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə
elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat
mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam
etdirilir. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud
Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə
tutulmuşdur. Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin
icrası yerinə yetirilir.

Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric
olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid
platformadan istifadə edilməklə həyata keçirilir”, – R.Ələkbərov
deyib.

O qeyd edib ki, cari ildə AYİS proqram təminatından istifadə
edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınmışdır ki, bunun da
714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub:

Qeyd edək ki, Agentlikdə informasiya ehtiyatlarının qorunması,
sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya
proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi,
kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də
proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə
Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23
nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası
yaradılıb.

“Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və “Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem
müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin
artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına,
icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq
səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa
zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə,
müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin
möhkəmlənməsinə müsbət təsir edəcək.

Teqlər: