Ərzaq məhsullarının alınmasına dair yeni mexanizm müəyyənləşir – FƏRMAN

Ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları
məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il
sentyabrın 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın
alınması” elektron portalında yerləşdirəcəklər.

AzerTimes xəbər verir ki, bu,
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət
müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası”nda edilən dəyişiklikdə öz əksini tapıb.

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”yə edilən dəyişikliyə əsasən isə “Elektron kənd
təsərrüfatı” informasiya sistemində “ərzaq məhsullarının dövlət
sifarişi ilə satın alınması” elektron portalı” altsistemi
yaradılır.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması”
elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar
tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına
satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi,
istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən
seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya
satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı
alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin
həyata keçirilməsi təmin olunacaq.

Yeni altsistemin yaradılması ilə əlaqədar EKTİS-ə ərzaq
məhsulları istehsalçılarının, satıcılarının və satınalan
təşkilatların aşağıdakı məlumatları daxil edilməlidir:

– fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat
ünvanı və fərdi identifikasiya nömrəsi;

– hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı,
adı və atasının adı, hüquqi ünvanı;

– VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər
məlumatlar;

– əlaqə nömrələri;

– elektron poçt ünvanı;

– bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i,
SWIFT kodu və digər müvafiq məlumatlar.

Artıq ərzaq məhsullarının istehsalçıları və ya satıcıları
EKTİS-dən qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək,
satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun
təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək, satınalan
təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı
alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin
müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə
müraciət etmək, ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı
alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim
aktını təsdiqləmək imkanına malik olacaqlar. Satınalan təşkilatlar
EKTİS-dən qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək,
ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək,
ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq
məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini
elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik
edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək, ərzaq
məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə
uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək imkanı
qazanacaqlar.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll
etmək tapşırılıb.

Teqlər: