Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir – ŞƏRH

Təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus
olan 4 ədəd müasir SU-30 təyyarəsini hərbi əməliyyatlarda istifadə
etmək üçün Ukraynaya göndərib. Təyyarələrin erməni pilotlar
tərəfindən idarə olunduğu bildirilir. Bu, birmənalı olaraq, onu
deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan
hərbi əməliyyatlara qoşuldu.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Ceyhun Məmmədov bildirib ki, bütün dünya Belarusun
müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni
qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi.

“Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın
şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da
iştirak edir və bu prosesə öz “töhfələrini” verir.

Görünən odur ki, Azərbaycandan aldığı zərbə, “dəmir yumruq”
Paşinyan hakimiyyəti üçün yetərli olmadı, Ermənistan rəhbəri
dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək
ölkəsini ciddi zərbə altına qoydu. Budur Ermənistanın siyasətinin
həqiqi mahiyyəti.

Onu da qeyd edək ki, bundan əvvəl də Ermənistanın Ukraynada
vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına
göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar
yayılmışdı.

Məhz bu səbəbdən bu gün bir sıra Qərb dairələrində Ermənistana
bu hərəkətlərina görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər
səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların
tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin
vaxtıdır”, – deyə deputat bildirib.

O qeyd edib ki, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan
Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu
ölkəyə davamlı humanitar yardımlar göstərir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
Vasif Hüseynov da AzerTimes-a bildirib ki, Ermənistanın ona məxsus
olan S-30 təyyarələrinin Ukraynada döyüş zonasına göndərməsi
haqqında xəbərlər regiondakı vəziyyət üçün narahatlıq yaradan
məqamdır.

“Şübhəsiz ki, Avropa və Amerikanın müvafiq təhlükəsizlik
orqanları bu xəbərləri diqqətlə izləyir və lazımlı araşdırmalar
aparacaqlar. Xəbərlərin təsdiqləndiyi halda Ermənistanın Qərb
ölkələri ilə münasibətlərində ciddi problemlərin yaranacağını
istisna etmək olmaz. Bu dövlət 44 günlük müharibədən sonra düşdüyü
acınacaqlı vəziyyətə rəğmən yenə də hansısa böyük güclərin əlində
oyuncaq olmağa davam etməkdədir. Bunun nəticəsidir ki, Qərbin
nüfuzlu nəşrlərində Ermənistana qarşı da müəyyən sanksiyaların
qoyulacağı haqqında xəbərlər yayılmaqdadır. Qeyd etməliyəm ki,
artıq bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır. Məsələn, bu
həftə ABŞ-ın 2023-cü il üçün büdcəsində Ermənistana ayrılacaq
yardımın 50 faizə qədər azaldılacağı və Qarabağdakı separatist
ünsürlərə heç bir qəpik də verilməyəcəyi haqqında qərar həm erməni
diasporasını, həm də Yerevanı sərt şəkildə sarsıtdı.

Onlar üçün daha da şok təsiri yaradan qərar ondan ibarətdir ki,
buna paralel olaraq Azərbaycana 170 milyon dollara yaxın hərbi
yardım ayrılması haqqında Vaşinqton qərar qəbul edib. Bu, bir daha
onu göstərir ki, müasir dünya Ermənistan kimi hansısa güclərin
əlində oyuncağa çevrilmiş, Ukrayna kimi ağır humanitar faciənin
yaşandığı münaqişədə silah-sursat göndərməklə problemin bir parçası
olan, müstəqil xarici siyasət yeridə bilməyən ölkələri qəbul
etmir”, – deyə o bildirib.

Teqlər: