Ermənistan XİN-in Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız iddiasını rədd edirik – XİN

Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini
pozması ilə bağlı, habelə Azərbaycana qarşı tamamilə əsassız
iddiaları əks etdirən 28 may 2022-ci il tarixli açıqlamasını
qətiyyətlə rədd edirik.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 28 may
2022-ci il tarixli açıqlamasına dair şərhində deyilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi guya ki, Azərbaycan
Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı
dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib və
yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşması
istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin
bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma
istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin
delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür.

Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən
dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan
arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin
nəticələrini heçə endirməyə hədəflənib.

Azərbaycan öz tərəfindən post münaqişə mərhələsində beynəlxalq
ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam
etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların
qarşısını qətiyyətlə alacaqdır.

Teqlər: