Əri ilə birləşib ögey anasını öldürən qadının məhkəmə istintaqı yekunlaşdı

Xəbər - Samir Əli – Trend:

Bakıda ögey anasını öldürməkdə təqsirləndirilən Günay Məmmədova
və əri Həmzə Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın
məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz
Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Günay
Məmmədovanın anlaqlı olub-olmaması ilə bağlı təyin olunmuş
ekspertiza rəyi elan olunub.

Hakim bildirib ki, ekspert rəyinə əsasən, G.Məmmədovanın hər
hansı psixoloji problemi aşkarlanmayıb.

Lakin Həmzə Verdiyev buna etiraz edərək, həyat yoldaşının
şizofreniyadan əziyyət çəkdiyini bildirib. Təqsirləndirilən şəxs
vəsatət qaldıraraq ekspertin məhkəmədə dindirilməsini tələb
edib.

Vəsatət təmin olunmayıb.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət
ittihamçısı çıxış üçün vaxt istəyib.

Qeyd edək ki, martın 25-də Binəqədi rayon sakini 42 yaşlı
Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi
rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında aparılan
araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla
həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində
qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə
açılması təmin edilib.

İtkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən
edilib.

Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun
əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində
mövcud olmuş uzun müddətli mübahisələr səbəbindən sonuncuların
martın 25-də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir
qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı
xəsarətlər yetirib, Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və
meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teqlər: