Ərdoğan və Putin Ukraynadakı vəziyyəti və Suriyada terrorçularla mübarizəni müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir
Putin arasında telefon danışığı olub.

AzerTimes xəbər verir
ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, iki ölkə başçıları ikitərəfli münasibətlərin
vəziyyətini və perspektivlərini, həmçinin Rusiya və Ukrayna
arasında müharibəyə xüsusi diqqət yetirməklə regional prosesləri
müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Rusiya Federasiyası ilə Ukrayna
arasında sülhün zəmininin tezliklə bərpası, müharibənin mənfi
nəticələrinin minimuma endirilməsi, tərəflər arasında etimad
mühitinin yaradılması istiqamətində addımların atılmasının
vacibliyini qeyd edib.

R.T.Ərdoğan Putinlə danışıq zamanı ölkəsinin Rusiya
Federasiyası, Ukrayna və BMT-nin mümkün monitorinq mexanizminin
formalaşdırılması ilə bağlı İstanbul toplantısında iştirak etməyə
hazır olduğunu açıqlayıb.

Türkiyə prezidenti bu təşəbbüsün tərəflər tərəfindən
dəstəklənəcəyinə ümid etdiyini bildirib.

R.T.Ərdoğan Suriyadakı vəziyyətə toxunaraq qeyd edib ki, 2019-cu
ilin oktyabrında imzalanan razılaşmada Suriyanın Türkiyə ilə
həmsərhəd rayonlarının terrorçulardan təmizlənməsi tələbi ayrıca
bənd kimi daxil edilsə də, məsələ hələ də açıq qalır.

Türkiyə prezidenti xatırladıb ki, YPG terrorçuları (PKK-nın
Suriya qanadı) Türkiyəyə və Suriyanın mülki əhalisinə hücumları
davam etdirirlər.

Türkiyə dövlət başçısı rusiyalı həmkarının diqqətinə çatdırıb
ki, Suriyada Türkiyə sərhədinin 30 km dərinliyində terrorçulardan
təmizlənmiş zona yoxdur.

R.T.Ərdoğan bu ərazilərdə təhlükəsizliyin təmin edilməsinin
vacibliyini vurğulayıb.