Ərdoğan Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı
vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti
Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat
katibi İbrahim Kalın deyib.

“Prezidentimizin Rusiya və Ukrayna liderləri arasında görüş
təşkil etmək təklifi əslində bu böhrandan çıxış üçün ən mühüm və
konkret təklifdir. Prezidentimizin belə bir görüşü təşkil etmək
cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, Prezident
Vladimir Zelenski ilə bunu müzakirə edib. R.T.Ərdoğan bu məsələni
cənab V.Putinlə də müzakirə edib. Yaxın vaxtlarda daha bir telefon
danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən müzakirə
ediləcək”, – deyə İ.Kalın bildirib.


Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, Türkiyə
rəsmiləri rusiyalı həmkarları ilə təmasları davam etdirirlər və
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlığı
davam etdirirlər.

“Eynilə, cənab V.Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam
edir”, – deyə İ.Kalın əlavə edib.