Ərdoğan Dubayda EXPO-2020 sərgisində Azərbaycan pavilyonunu ziyarət edəcək

Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş
Ərəb Əmirliklərinə iki günlük rəsmi səfərə yollanacaq.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, səfər
ikitərəfli münasibətlərin normallaşmasından və qarşılıqlı sərmayə
qoyuluşu ilə bağlı qərarlardan sonra həyata keçirilir.

İki ölkə arasında münasibətlərin normallaşması R.T.Ərdoğanın
2021-ci il avqustun 18-də BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri
Şeyx Təhnun bin Zayed Əl Nəhyanı qəbul etməsindən sonra
başlayıb.

Daha sonra 2021-ci il avqustun 31-də Türkiyə dövlətinin başçısı
ilə Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan arasında
telefon danışığı olub.

Noyabrın 24-də Əl-Nəhyan Ankaraya rəsmi səfər edib.

R.T.Ərdoğanın BƏƏ-yə səfərinin Ankara ilə Əbu-Dabi arasında
ikitərəfli münasibətlərə müsbət təsir edəcəyi gözlənilir.

Əl-Nəhyan fevralın 14-ü Türkiyə Prezidentini rəsmi mərasimlə
qarşılayacaq.

İki liderin təkbətək və geniş tərkibdə görüşü olacaq.

R.T.Ərdoğan və Əl-Nəhyanın iştirakı ilə razılaşmalar və
memorandumların imzalanması mərasimi keçiriləcək.

Əl-Nəhyan ali qonağın şərəfinə şam yeməyi təşkil edəcək.

Türkiyə dövlət başçısı BƏƏ-yə səfərinin ikinci günündə Dubaya
gedəcək və burada EXPO-2020 ümumdünya sərgisini ziyarət edəcək.

Dövlət başçısını səfərdə Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl
Məktum müşayiət edəcək.

R.T.Ərdoğan sənayeləşmənin simvolu, texniki və texnoloji
nailiyyətlərin nümayişi üçün açıq platforma olan beynəlxalq sərgi
çərçivəsində “Türkiyə Milli Günü”nün açılışında iştirak edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ və Azərbaycan
pavilyonlarını da ziyarət edəcəyi gözlənilir.

Teqlər: