Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun fərdi proqramında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası
üzrə Dünya Kubokunun kişilər və qadınlar arasında fərdi proqramında
qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
keçirilib.

AzerTimes-ın məlumatına görə, qadınların fərdi proqramında İrina
Kundius (Rusiya) fəxri kürsünün birinci pilləsini, Seljan Maqsudova
(Azərbaycan) ikinci, Giorgia Giampieri (İtaliya) üçüncü yeri
tutub.

Kişilər arasında fərdi proqramda qızıl medalı İvan Litvinoviç
(Belarsu), gümüş medalı Andrey Buylov (Belarus), bürünc medalı isə
Danil Mussabayev (Qazaxıstan) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto: Zaur Mustafayev

Teqlər: