Energetika Nazirliyinin Çağrı mərkəzinin fəaliyyətinin 4 ili tamam olur

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili,
daxil olan müraciətlərin çevik qəbulu və icrasının təmin edilməsi,
energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan
məsələlərə operativ baxılması məqsədilə 27 aprel 2018-ci ildə
Energetika Nazirliyinin “974” Çağrı mərkəzi fəaliyyətə
başlayıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Çağrı mərkəzi qanunvericiliklə verilən səlahiyyətlər
çərçivəsində daxil olan müraciətlərin, o cümlədən ərizə, şikayət,
sorğu, sual və təkliflərin qəbulu, baxılması və operativ
cavablandırılması sahəsində müvafiq işlərin təşkilini həyata
keçirir. Mərkəz Nazirliklə bərabər, Nazirliyin tabeliyində olan
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinə ünvanlanmış müraciətləri də qəbul
edərək mərkəzlədirilmiş rejimdə fəaliyyət göstərir.

Vətəndaşlar Çağrı mərkəzinə qaz təchizatı, elektrik və istilik
enerjisi, bərpa olunan enerji və digər məsələlərlə bağlı öz
müraciətlərini ünvanlayır. Mərkəzdə müraciətlər dərhal qeydiyyata
alınaraq, aidiyyəti üzrə icraçıya yönləndirilir. Müraciətlərə
obyektiv və operativ şəkildə baxılır. Əsas məqsəd vətəndaşları
yüksək həssaslıqla dinləmək, müraciətlərini qəbul etmək və yaranmış
problemin həlli üçün dərhal tədbir görülməsinə nail olmaqdır.

Cari ilin aprel ayında “Media Təhlil Mərkəzi” İctimai Birliyi
tərəfindən dövlət və özəl qurumların Çağrı mərkəzlərinin işinin
qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğu nəticəsində
Energetika Nazirliyinin Çağrı mərkəzinin fəaliyyəti on ballıq şkala
üzrə 9-10 balla qiymətləndirilib. Sorğuda Çağrı mərkəzlərinin
xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara
verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma
meyarları əsas götürülüb.

Çağrı mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar
Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün
mobil operatorlardan “012 974”, həmçinin (012) 598-16-53, (012)
598-16-54, (012) 598-16-55 (Qaynar xətt) nömrələrinə zəng etməklə
Çağrı mərkəzinə müraciət edə bilərlər.

Teqlər: