Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd olunub (FOTO)

Müdrik rəhbər, müasir müstəqil dövlətimizin memarı və qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümü münasibətilə Energetika Nazirliyində tədbir keçirilib.

Energetika nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra
edən Samir Vəliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müasir
dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,
qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi
dərin və uğurlu siyasi fəaliyyəti barədə danışıb. Qeyd olunub ki,
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevin
qətiyyəti və əzmkarlığı hesabına ölkəmiz tənəzzüldən inkişaf yoluna
qədəm qoyub. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və
sərt sınaqlarından çıxararaq ölkənin gələcək inkişaf strategiyasını
müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.
Ulu Öndərin həyata keçirdiyi mühüm islahatlar sırasında energetika
sahəsində görülən işlər xüsusi vurğulanıb. Bildirilib ki, Heydər
Əliyevin irəli sürdüyü inkişaf proqramları, əhəmiyyətli tədbirlər,
səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə,
eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini
formalaşdırıb, neft təsərrüfatı yenidən qurulub, bir əsrdən artıq
tarixi olan elektroenergetika sistemimizin sürətli inkişafına nail
olunub.

Çıxışda Ulu Öndərin strateji inkişaf kursunun bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyi qeyd edilib. “Cənub Qaz Dəhlizi” layihəsi,
neft-qaz sahəsində aparılan kompleks tədbirlər, elektroenergetika
sektorunda reallaşdırılan islahatlar, “yaşıl enerji” sahəsində əldə
edilmiş nailiyyətlər Heydər Əliyev strategiyasının yeni mərhələdə
inkişafının nümunələri kimi qiymətləndirilib.
Sonra ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib.
Energetika Nazirliyinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər
Əliyevin Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi
ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib, Heydər Əliyevin
gənc nəslin yetişməsinə verdiyi xüsusi qayğı və diqqətdən bəhs
edilib.

Tədbirdən sonra Energetika Nazirliyinin və tabeli qurumların
rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gedərək, ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət ediblər, önünə gül dəstələri
qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Teqlər: