Energetika Nazirliyi ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)

Mayın 7-də Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı
ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

Təbiətin qorunması, ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması
və yaşıllıqların salınmasına ictimai diqqətin yönəldilməsi və
məlumatlılığın artırılması məqsədilə təşkil edilmiş aksiyada
nazirliyin aparatının və tabeli qurumların əməkdaşları iştirak
ediblər.

Aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində
müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılıb və ətraf ərazi
tullantılardan təmizlənib.

Ulu öndər Heydər Əliyev hər zaman ətraf mühitin qorunması və
ekoloji vəziyyətin sağlamlaşdırılması işinə böyük önəm verib.
Ümummilli lider tərəfindən əsası qoyulan ekoloji siyasət,
cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək
ənənələri uğurla davam etməkdədir. Bü gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin
iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların sürətli bərpası və artırılmasının təmin olunması
istiqamətində silsilə tədbirlər həyata keçirilir. Dövlət başçısının
2 fevral 2021-ci il tarixli sərəncamı ilə “təmiz ətraf mühit və
“yaşıl artım” ölkəsi” sosial-iqtisadi inkişafa dair milli
prioritetlərimizdən biri kimi müəyyənləşdirilib.

Teqlər: