Ən pisi odur ki, İran bunu yaxşı mənimsəyib…

Ən pisi odur ki, İran bunu yaxşı mənimsəyib…

1979-cu ildə İranda “teokratik rejim” qurulandan sonra vətəndaşların böyük bir qismi yeni qaydalarla barışmadı, hadisələrdən həmən sonra “İslam inqilabına” qarşı etirazlar başladı, bir çox bölgədə Şah tərəfdarları, həm də solçu qruplar yeni rejimin diktə etmək istədiyi sistemi qəbul etmək istəmirdi.

AzerTimes xəbər verir ki, bu sözləri ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli İranda baş verən son prosesləri qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, 1979-cu il “fevral inqilabından” sonra teokratik rejim dərhal yaranmadı, hətta Şah əleyhinə aksiyaların əsas təşkilatçıları solçular – kommunistlər idi, inqilabdan sonra ölkədə bir müddət rejim və sistemlə bağlı müzakirələr gedirdi:

“Teokratik rejim hələ qurulmamışdı, repressiyalar yox idi, amma dini çevrələr mütəşəkkil olduqları üçün daha tez təşkilatlandılar. 1980-ci ilin əvvəlində İranda böyük repressiyalar, həbslər, qətllər başladı, teokratik rejimin qaydaları zorla tətbiq edildi. Amma pararlel olaraq narazılıq və etirazlar da artırdı, İranın yeni rejiminə daxili etirazları yatırmaq üçün mütləq müharibə lazım idi və elə də oldu – 1980-ci ilin 26 avqust tarixində ilk atəş açıldı, 22 sentyabr tarxində isə İraqla müharibə başladı, formal olaraq ilk atəşi İraq açsa, ilk hərbi müdaxiləni Səddam başlasa da, buna qədər İran tərəfdən elə provokasiyalar oldu ki, müharibə qaçılmaz hala gəldi.

8 il davam edən müharibədə hər iki ölkədən 1,5 mln. nəfər həlak oldu, müsəlman öz dindaşını qırdı, şəhərlər, kəndlər xaraba qaldı və hərbi anlamda nəticəsiz bitdi – amma məhz 8 illik müharibə İranda etirazları sıfırladı, müharibə dövründə İranda teokratik rejim möhkəmləndi və tam hakimiyyəti əla aldı. Yəni müharibə, xarici düşmən obrazı daxili problemləri və etirazları sıfra endirdi.

Bu gün təhlükəli olan odur ki, İran bu təcrübəni yaxşı mənimsədiyindən daxildə həftələrlə davam edən, bütün ölkəni bürüyən etirazları yatırmaq üçün yenə də “xarici düşmən obrazı” yaradaraq, kiçik, lokal müharibədə maraqlı ola bilər”.

N.Cəfərli qeyd edib ki, rəsmi Tehran bu gün ölkədə baş verənlərin nəsil dəyişiminin gətirdiyi fundamental problemlər olduğunu anlamalıdır:

“Bu məsələləri lokal müharibələrlə, xarici ölkələrlə münasibətləri gərginləşdirməklə, etrazları qəsdən sırf “etnik separatizm” müstəvisinə çəkməklə həll edə bilməyəcək. Bu gün dövr də, beynəlxalq vəziyyət də, ən əsası isə ölkənin demokrafik “xəritəsi” də fərqlidir – İran əhalisinin 75%-ə yaxını 0 yaşla 65 yaş arasıdır, 0 yaşla 15 yaş arası uşaqlar əhalilinin 25,1%-ni təşkil edir (dünya üzrə ən yaxşı göstəricilərdən biridir); bu, başqa nəsildir, başqa istəkləri və gözləntiləri var, İranda sistem dəyişikliklərinin qaçılmaz olmasının əsas səbəbi məhz nəsil dəyişimidir, teokratik sistem son 40 ildə gəncliklə dil tapa, onlara öz davranış qaydalarını öyrədə bilmədi – bu isə müharibələrlə, xarici düşmənlə həll olunası problem deyil…”

Teqlər: