Əlilliyin yeni meyarlarla təyin edilməsi üçün işlər yekunlaşmaq üzrədir – Komitə sədri

Azərbaycanda əlilliyin yeni meyarlarla təyin edilməsi
istiqamətində işlər yekunlaşmaq üzrədir.

Bunu AzerTimes-a Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
deyib.

M.Quliyev bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları
təsdiq edib. “Təqribən 800-dən artıq yeni meyarlar müəyyənləşib.
Bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
TƏBİB-in həkim ekspertləri təlimlərdən keçiblər. Yəni bu meyarların
tətbiqi ilə bağlı ciddi problem qalmayıb”, – deyə o bildirib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun
1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən,
əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni
faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz
itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz
itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən
edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər
artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə
əlillik faizi almaq mümkün olacaq.

Teqlər: