Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik
edillib.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, sənədə
aşağıdakı məzmunda 1.8-1.12-ci və 1.14-cü bəndlər əlavə edilir:

1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında
əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə
31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək
qiymətləndirilməklə əlillik müəyyən edilir.

1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri
31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin
funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə
qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır.

1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud
sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan
qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn
orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən
edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda
qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi
müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının
faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz
artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz
artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən
edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə
əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

1.12. 15 yaşınadək şəxslərdə əmək fəaliyyəti bacarığı
dəyərləndirilmir.

1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla,
əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə
orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri
müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları
nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının
pozulmasının ən yüksək faizi müəyyən edilir.”;

Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Teqlər: