“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” MMC ABŞ-ın məşhur “Oracle” beynəlxalq
texnologiyalar korporasiyası ilə tərəfdaş oldu. Tərəfdaşlığa
əsasən, “AzInTelecom” Azərbaycanın orta və böyük biznes seqmenti
üçün digər rəqəmsal həllərlə yanaşı, “Oracle” məhsulları da təqdim
edəcək.

Rəqəmsal transformasiya fonunda genişlənən məlumat toplusunun
analizinin çətinləşməsi, məlumatların emalı zamanı yaranan vaxt
itkisi qərar qəbuletmə və manevr imkanlarını məhdudlaşdırır.
“Oracle” şirkətinin təqdim etdiyi həllər məhz bu kimi problemləri
aradan qaldırmağa imkan yaradır. Böyük həcmli verilənlərin emalı
üçün dünyada ən qabaqcıl həlləri təklif edən şirkətin məhsulları
ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

“Oracle” məhsullarından istifadə qurumlara iş səmərəliliyini
daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə
imkan yaradacaq. Məlumatların emalının effektivliyini daha da
artırmaq məqsədilə şirkətin sektorlar üzrə həllər paketi də
mövcuddur. Bu özəllik qurumların informasiya sistemlərinin “Oracle”
həllinə daha operativ şəkildə inteqrasiyasını mümkün edir.

Bulud xidmətləri, beynəlxalq səs trafiki, rəqəmsal biznes həllər
və mərkəzləşdirilmiş informasiya sistemləri üzrə xidmət göstərən
“AzInTelecom” MMC-nin “Oracle” şirkəti ilə tərəfdaşlığı yeni
imkanlara yol açacaq.

“Hökumət buludu”na Keçid Planına əsasən, informasiya
sistemlərini “AzInTelecom” MMC-yə məxsus “AZCLOUD” Data Mərkəzinə
miqrasiya etmiş qurumlar üçün bu tərəfdaşlığın növbəti mərhələsi
daha səmərəli olacaq. Belə ki, məlumatların toplanması, emalı və
çevik qərar vermə prosesinin təmini lisenziyalı və təhlükəsiz
proqram təminatından əlavə yüksək peşəkar kadrların, ciddi
vəsaitlərin cəlbini tələb edir. “Hökumət buludu”na Keçid Planının
məqsədlərindən biri də məhz informasiya texnologiyalarına çəkilən
xərclərin optimallaşdırılmasıdır. “AzInTelecom” MMC və “Oracle”
arasındakı tərəfdaşlıq “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş
qurumlar üçün “Oracle” həllərinin daha optimal vəsaitlə əldə
edilməsinə şərait yaradacaq.

Bu əməkdaşlıq Azərbaycanda yeni, lakin böyük tələbat olan
məlumat emalı istiqamətinin inkişafına, bu sahə üzrə
mütəxəssislərin yetişməsinə, eləcə də böyük həcmli verilənlərin
emalı üzrə ən qabaqcıl təcrübəni mənimsəməyə şərait yaradacaq.