EFE agentliyi AZƏRTAC ilə hərtərəfli əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalanmasını təklif edib

Əksər ispandilli ölkələr üçün etibarlı informasiya mənbəyi
olaraq qəbul edilən İspaniyanın EFE agentliyi AZƏRTAC ilə
hərtərəfli əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalanması
təklifini irəli sürüb.

Bu təklif Azərbaycan Respublikasının İspaniya Krallığındakı
səfiri Ramiz Həsənovun EFE agentliyinin sədri Qabriela Kanyasla
görüşü zamanı səslənib.

Azərbaycan Respublikasının Xarici işlər Nazirliyindən verilən
məlumata əsasən, görüşdə iki ölkə arasında yüksələn xətt üzrə
inkişaf edən münasibətlərin işıqlandırılmasının əhəmiyyəti
vurğulanıb, AZƏRTAC və EFE arasında əməkdaşlığın dərinləşdirilməsi
barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Qabriela Kanyas AZƏRTAC və EFE arasında
vaxtilə imzalanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə
ehtiyac duyulduğunu, bu xüsusda hərtərəfli əlaqələri nəzərdə tutan
və mövcud reallıqlara cavab verəcək yeni sənədin hazırlanmasını
təklif edib. O, yeni sazişin 2022-ci il ərzində Bakıda və ya
Madriddə imzalanmağa hazır olduqlarını bildirib.

Azərbaycanın və İspaniyanın aparıcı informasiya agentlikləri
olan AZƏRTAC ilə EFE uzun müddətdir sıx əməkdaşlıq edirlər. 2016-cı
ildə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində
əməkdaşlıq sazişinin imzalanması və 2019-cu ildə AZƏRTAC-da ispan
dili redaksiyasının fəaliyyətə başlaması ilə iki informasiya
agentliyi arasında əlaqələr daha da möhkəmlənib. Hər iki agentlik
Reuters, Böyük Britaniyanın Press Association, Fransanın France
Press, Səudiyyə Ərəbistanının SPA, Avstriyanın APA, Rusiyanın TASS,
ümumilikdə 13 mötəbər xəbər agentliyinin də daxil olduğu Dünya
Xəbər Agentlikləri Şurasının (NACO) üzvüdür, həmçinin Avropa Xəbər
Agentlikləri Alyansında (EANA) təmsil olunur.

Qeyd edək ki, EFE agentliyi dünyanın informasiya reytinqində ilk
yerlərdən birini, ispandilli agentliklər arasında birinci yeri
tutur. Öz sıralarında üç mindən çox peşəkarı birləşdirən agentlik
beş qitənin 2000-dən çox kütləvi informasiya vasitəsini multimedia
informasiya məhsulları ilə təmin etmək üçün 120 dövlətin 180-dən
çox şəhərində fasiləsiz çalışır. Agentliyin müasir
fotojurnalistikanın ən iri kolleksiyalarından biri olan
fotoarxivində XIX əsrin ikinci yarısından başlayaraq bu günə qədər
dövrü əhatə edən 20 milyondan çox fotoşəkil toplanıb.

Teqlər: