ƏƏSMN informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Hökumət buludu”na
Keçid Planına əsasən informasiya sistemlərini Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus
“AZCLOUD” Data Mərkəzinə tam miqrasiya etdirib. Bununla da Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət
buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub.

“Hökumət buludu” layihəsi Prezident İlham Əliyevin 3 iyun
2019-cu il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən hazırlanıb.
“Hökumət buludu” layihəsinin keyfiyyətli və effektiv icrası
məqsədilə bir sıra qabaqcıl ölkələrin, o cümlədən ABŞ, Böyük
Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniyanın təcrübəsi də
öyrənilib.

Məqsəd dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid
platformaya inteqrasiyası nəticəsində idarəçiliyin
optimallaşdırılması və koordinasiyanın effektiv təşkilinə,
xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaratmaqdır.

Qeyd olunan keçid prosesi “AzInTelecom” MMC və Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar
Mərkəzinin birgə səyləri ilə bu günlərdə yekunlaşdırılıb və hazırda
nazirliyin bütün İT infrastrukturu “Hökumət buludu” üzərindən
fəaliyyətini davam etdirir.

Bu da idarəçiliyin təkmilləşməsinə, resursları əhəmiyyətli
dərəcədə optimallaşdırmağa, əhaliyə göstərilən elektron xidmətlərin
çevikliyinin, səmərəliliyinin daha da artırılmasına imkan
verir.

Daha müasir standartlar əsasında, sabit və dayanıqlı İT
infrastrukturu, operativ koordinasiya imkanı əldə edilir, yüksək
keyfiyyətli servislə təminata, informasiya sistemlərinin
təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə və 24/7 monitorinq
xidmətinə nail olunur.

Qeyd edək ki, “AZCLOUD” Cənubi Qafqaz regionunda, o cümlədən
Azərbaycanda “Tier III” uyğunluq, biznesin davamlılığını idarəetmə
sistemi üzrə “ISO 22306”, İT xidmətlərinin göstərilməsi və idarə
edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO
27001” standartı sertifikatına sahib ilk və ən böyük əlçatanlıq
zonasıdır.

“AZCLOUD” üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı,
eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edilir. Bu xidmətlərə
“Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”,
“Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları,
“Videokonfrans” və “Virtual İP Telefoniya” daxildir.

Teqlər: