“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda
uyğunlaşdırma aparılıb.
Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin
167 və 168 № li Qərarlarına dair izahda deyilir.
Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə
ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri
və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi
şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə
köçürüləcəkdir.
Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların
qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət
rüsumu müəyyən edilib.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri
qaytarılma müddəti 45 gündən 20 günə endirilib.
Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik
nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə
alınması dəqiqləşdirilib.
Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən
dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə
endirilib.