Xəbər - Alpər Ziya – Trend:
İllərlə özünü formalaşdıran, təkmilləşdirən Azərbaycan Ordusu bu il 26 iyun – Silahlı Qüvvələr Gününü qalib ordu kimi, daha qürurlu, daha əzmli qeyd edir. Müstəqillini yeni qazanan bir dövlət üçün çox qısa müddətdə – 30 ilə yaxın bir dövrdə dünyanın 50 ən güclü ordusundan birini formalaşdırması sözün əsl mənəsaında böyük hünər tələb edir.
Bugünkü güclü və müstəqil Azərbaycan dövləti bu hünəri ümummilli lider Heydər Əliyevdən aldı. Çünki ölkədə ordu quruculuğunun əsasını məhz Heydər Əliyev qoydu və onun işkişaf xəttini müəyyənləşdirdi. Ona görə də bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.
İllər keçdi və Azərbaycan xalqı ulu öndərin bu uzaqgörənliyinin bəhrəsini gördü. Onun müəyyən etdiyi ordu quruculuğu xəttini Prezident İlham Əliyev uğurla inkişaf etdirdi və dünyanın 50 ən güclü ordusundan birini formalaşdırdı. Məhz həmin ordu 30 ilə yaxın bir dövrdə düşmən tapdağı altında qalan Qarabağı və ətraf rayonları işğaldan azad edərək adını dünyanın hərb tarixinə yazdırdı.
Təbii ki, bütün bunlar birdən-birə baş vermədi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratmışdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıqə əlaqələri genişləndirildi. Nəticədə, hələ 2016-cı il Aprel döyüşlərində torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin vətənpərvərliyini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirən tarixi hadisə oldu. Nəhayət, bu şanlı ordumuz 2020-ci il 27 sentyabrda start götürən 44 günlük Vətən müharibəsi və onun uğurlu nəticəsi ilə dünya hərb tarixində bir inqilab etdi. Qüdrətli Ordumuz həm yerli, həm də Türkiyə istehsallı pilotsuz uçuş aparatları (PUA) ilə yeni əsrin ən böyük tarixini yazdı. Təsadüfi deyil ki, hazırda bütün ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın bu müharibədəki təcrübəsini öyrənirlər. Çünki Azərbaycan dünya ölkələrinin hərb sənətinə baxışını köklü surətdə dəyişdi. Elə buna görədir ki, hazırda dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlar da PUA sistemlərinin inkişafı üzərində layihələr hazırlayır, bunun üçün Azərbaycan və Türkiyədən dəstək istəyirlər.
Prezident İlham Əliyev hələ müharibə gedən ərəfədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində pilotsuz uşuş aparatlarının hərbi əməliyyatlarda rolundan danışarkən bildirdi ki, pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir: “Biz bir neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya – həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir”.
Dövlət başçısı, həmçinin vurğuladı ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq.
Bu gün həqiqətən də dövlət başçısının dediyi bütün sözlərin real həyatda tətbiqini görürük. Artıq ayrı-ayrı ölkələr PUA alışı və istehsalı istiqamətində konkret addımlar atmaqdadır. Xüsusən də Türkiyə istehsalı olan “Bayraktar”lara çox ciddi şəkildə tələbat yaranıb. Həmin PUA-ların istehsalını həyata keçirən “Baykar” şirkəti rəsmi şəkildə açıqladı ki, 2020-ci ildə şirkət ümumilikdə 360 milyon dollar məbləğində PUA ixrac edib. Qeyd olunub ki, ötən il “Bayraktar” aparataları İkinci Qarabağ müharibəsində geniş istifadə olunub. Ermənistan ordusunun çoxlu sayda havadan müdafiə, radar sistemlərini, tank və zirehli texnikasını, silah anbarlarını, yük maşınlarını, mövqelərini və canlı qüvvəsini məhv edib.
Beləliklə, Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillər iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar, bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması idi. Müharibə dövründə cənab İlham Əliyev əsl böyük sərkərdə, müzəffər Ali Baş Komandan kimi Ordumuzun öndündə oldu. Dəqiq hərbi taktikalarla Ordumuzun böyük itki vermədən qalib olmasını və bununla ölkəmizin ərazi bütövlüyü təmin etdi.