Dünya sülh və stabilliyə doğru səylərini əsirgəməməlidir – Çin Xarici Əlaqələr İnstitutunun Prezidenti

Xəbər - Elçin Mehdiyev – Trend:

Beynəlxalq ictimaiyyət pandemiyadan sonra dünyanın necə nizamlanacağını düşünməlidir. Hər bir ölkə çalışmalıdır ki, bu yöndə müsbət nəticələr əldə etsin. Biz dünya nizamı barədə düşünməliyik.

AzerTimes-ın məlumatına görə, bunu Çinin Xarici Əlaqələr İnstitutunun Prezidenti Vanq Çao Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

V.Çao postpandemiya dövründə dünya nizamına nikbin yanaşdığını qeyd edib. O bildirib ki, postpandemiya dövründə inkişaf etmək hər bir ölkənin əsas məqsədi olmalıdır:
“Postpandemiya dövründə bütün dünya sülh və stabilliyə doğru səylərini əsirgəməməlidir. Düşünürəm ki, şəffaflıq və investisiya əsas inkişaf tendensiyasına çevriləcək və bu da bütün ölkələrin inkişafına səbəb olacaq. Biz qloballaşmadan yan keçməməli, bir- birimizdən təcrid olunmamalıyıq. Çin post-COVID dövründə dünyanın nizamlanması üçün əlindən gələni edəcək”.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirak edir.

Teqlər: