Bu gün dünya azərbaycanlılarına dövlətimizin və ölkə
rəhbərliyimizin diqqət və qayğısını ifadə edən Qurultayın məhz
burada, qədim Qarabağ torpağının Şuşa şəhərində keçirilməsi
xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsi olmaqla,
ölkəmizin nüfuzu və hərtərəfli inkişafı baxımından müstəsna
əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V
Qurultayında çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu üçün əlamətdar olan
Qurultayın aprel ayında keçirilməsi təsadüfi deyil.
“Məhz 2016-cı ilin bu ayında Azərbaycan dövləti, eləcə də
diasporu öz qüvvəsini və mütəşəkkilliyini sübut etdi. Zəfərimizin
müjdəçisi olan “Aprel döyüşləri” bir daha Azərbaycanın nəyə qadir
olmasını, Ordumuzun gücünü göstərdi. Eləcə də bu ay bizə məkrli
planlarla qarşı-qarşıya dayanmağımızı bariz təzahür etdirir. Yəni
107 ildir biz uydurma “erməni soyqırımı” ilə üz-üzə qalmışıq.
Mənfur düşmən öz niyyətini saxta əməllər və yalanlar ilə
gerçəkləşdirmək istəyir. Buna adekvat olaraq biz Azərbaycanlıların
Soyqırımı Günü və Xocalı qətliamı ilə bağlı reallıqların beynəlxalq
aləmə çatdırılması üçün səylər göstəririk. Bu, Tovuz hadisələri və
Vətən müharibəsində də özünü büruzə verib. Sizin, Azərbaycan
diasporunun iştirakı nəticəsində böhtan və təxribat xarakterli
fəaliyyətin qarşısı tarixi həqiqətə uyğun alınıb. Buna görə
Azərbaycan diaspor ailəsinin hər bir üzvünə ayrı-ayrılıqda
təşəkkürümüzü bildiririk”, – deyə F. Muradov bildirib.