Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb – Fuad Muradov

Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn
məsələlərin həlli istiqamətində Komitənin hazırladığı “Xaricdə
yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi
Qaydası” 4 oktyabr 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş və 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Komitə
ilə rahat əlaqənin yaradıla bilinməsi məqsədilə müasir informasiya
texnologiyaları tətbiq edilmiş və qurum “Elektron hökumət”
portalına inteqrasiya olunmuşdur.


Trend
-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V
Qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, Komitə xarici ölkələrdə yaşayan
azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların
ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi Vətənlə
əlaqələrinin genişləndirilməsi, habelə müxtəlif xalqların diaspor
təşkilatları ilə effektiv əməkdaşlıq münasibətlərinin qurulması
istiqamətində də bir sıra tədbirlər həyata keçirib.

“Bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsi
Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə
Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır. ADDF ölkədə
həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin
dünyaya bəyan edilməsinə, dünya azərbaycanlılarının milli-mənəvi
dəyərlərinin qorunmasına, xaricdə yaşayan azərbaycanlıların əsas
hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata
keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə və
mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən
publik hüquqi şəxsdir. Yarandığı gündən bu günədək Fonda 250 layihə
təklifi daxil olub.

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə
yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin
dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və
pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra
addımlar atılmışdır. Soydaşlar və diaspor təşkilatları haqqında
qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Komitədə
əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup
yaradılmış, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər
hazırlanıb”, – deyə F. Muradov bildirib.

Teqlər: