Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək

Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti
inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o
cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə
50 metrədək məhdudlaşıb.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib.

“Mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına
səbəb olub. Gecə və səhər saatlarında nisbətən soyuq hava
kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması
nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən
aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait
yaradıb”.

G.Məmmədova qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti
aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam
edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə
əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq.

“Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal
küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu
da duman ehtimalını azaldır”.

Teqlər: