Dövlət Xidməti “SOCAR PETROLEUM”a qarşı iş qaldırıb

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları
bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, bir müddət əvvəl fərdi
sahibkarlar tərəfindən “SOCAR PETROLEUM” QSC-dən alınan neft
məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət
Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.
Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin
tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin
pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb
və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə
uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş
verilib.

Bununla yanaşı, Dövlət Xidməti “SOCAR PETROLEUM” QSC-nin “Tənzimlənən qiymətlər haqqında” və “Antiinhisar fəaliyyəti
haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun
olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin
dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft
məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə
qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması,
antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi
istiqamətində tədbirləri davam etdirir.

Teqlər: