Bu gün mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları
daxil olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci
təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 51 dövlət
orqanında 281 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin
müsahibə mərhələsi elan edilib.
Dövlət İmtahan Mərkəzindən
Trend-ə verilən məlumata görə, müsabiqənin müsahibə
mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər: Dövlət
qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq
edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər; Dövlət
qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi
(istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən
namizədlər 21 aprel-20 may saat 18:00-dək Mərkəzin internet
portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı
doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil
etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq
etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və
qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə
müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak
edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan
namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir.
Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə
iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü
müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək
üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun
tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış
məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə
əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında
məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq
dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə
bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini,
peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri
olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən
etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet
portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı
məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət
edilə bilər.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları
arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (24 vəzifə), Şəki Apellyasiya Məhkəməsi (17 vəzifə) və
Dövlət Turizm Agentliyi (16 vəzifə) tərəfindən təqdim olunub.
Müsabiqənin müsahibə mərhələsinə çıxarılan vəzifələr arasında ən
yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan
Dövlət Turizm Agentliyində Maliyyə və texniki təchizat şöbəsində
şöbə müdirinin müavini vəzifəsidir. Ümumilikdə, müsahibəyə
çıxarılmış 281 vakant inzibati vəzifənin 4-ü AB, 6-sı AC, 80-i BA,
191-i isə BB vəzifə qrupuna aiddir.