Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir – Komissiya (VİDEO)

Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası
onların azərbaycanlılara aid olduğunu sübut edir.

Bu barədə AzerTimes-a Azərbaycan Respublikasının Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasından məlumat verilib.

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu
ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana
aid naməlum meyit qalıqları aşkar edilmişdir.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində
Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı
qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu
qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin
daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması
müəyyənləşdirilmişdir.

Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq
meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun
tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət
üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit
qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə
endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan
çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində
qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta
yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km
kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın
ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.

Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi
ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon
Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf
sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu
qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş
ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn
edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu
bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə
erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir
daha sübut edir.

Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi
narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat
Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar
hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri
törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti
çaşdırmağa xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit
qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam
etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Teqlər: