Dövlət orqanlarında 16 rəhbər vəzifə üzrə müsahibə elan edilib

Aprelin 4-də 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci
təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzi icra
hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana
çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə
(inzibati rəhbər) və 30-u B növü vəzifələrə (inzibati icraçı)
aiddir.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna
malikdirlər:

vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət
orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin
təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə
azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə
çalışmış şəxslər;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun
2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə
qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan,
habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və
xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə
çalışmış şəxslər;

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya
ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil
edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil
tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan
şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 4 aprel
2022-ci il tarixindən 4 may 2022-ci il saat 18:00-dək Mərkəzin
internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı
doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil
etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq
etməlidir.

Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları
arasında ən çox vakant vəzifələr Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (25 vəzifə) tərəfindən təqdim olunub.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə
inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat
Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr
məsələləri şöbəsinin müdir müavini vəzifələridir.

Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 46 vakant vəzifənin 4-ü
inzibati vəzifələrin dördüncü təsnifatına, 23-ü beşinci
təsnifatına, 11-i altıncı təsnifatına, 8-i yeddinci təsnifatına
aiddir.

Teqlər: