Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında
“Əməkdaşlıq və birgə fəaliyyət haqqında” Anlaşma Memorandumunun
imzalanma mərasimi baş tutmuşdur.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan
Ələkbərov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov
tərəfindən imzalanmış sənədin əsas məqsədi müxtəlif istiqamətlərdə
birgə nəzəri və praktiki yönümlü tədbirlərin reallaşdırılması
vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən gənclər
siyasəti sahəsində görülən işlərə töhfə verməkdən ibarətdir.

Memorandumda və tərəflərin təsdiqlədiyi “Fəaliyyət planı”nda
əksini tapmış müddəalara əsasən gənclər təşkilatlarının nümayəndə
və rəhbər heyəti, eləcə də magistr təhsili alan tələbələr üçün “I
İnkişaf Məktəbi” adlı ixtisasartırma kursunun və Təlim Mərkəzinin
yaradılması nəzərdə tutulmuşdur.

Bununla yanaşı hər iki qurumun beynəlxalq tərəfdaşları ilə
əməkdaşlıq çərçivəsində gənclər üçün beynəlxalq mübadilə
proqramlarında iştirak imkanlarının yaradılması, gənclər
təşkilatları nümayəndələrinin Akademiyanın nəzdində fəaliyyət
göstərən elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində yaxından
iştirakına dair razılaşma əldə edilmişdir.

Anlaşma Memorandumundan irəli gələrək, Fondun rəhbər
nümayəndələrinin tələbə heyəti üçün mühazirələrinin təşkili, Fond
tərəfindən həyata keçirilən təcrübə proqramlarında magistr təhsili
alan tələbələrin daha geniş iştirakının təmini və ümumilikdə
Azərbaycan gənclərinin peşəkar inkişafı, gənclər siyasətinə dair
mövcud vəziyyət və bu sahədə görülməsi məqsədəmüvafiq olan
tədbirlər barədə birgə tədqiqatların aparılması, ölkəmizdə həyata
keçirilən gənclərlə iş sahələrində elmi araşdırma və akademik
məqalələrin hazırlanmasına metodik dəstəyin göstərilməsi əsas
fəaliyyət istiqaməti kimi təsdiq edilmişdir.

Anlaşma Memorandumu dövlət gənclər siyasətindən irəli gələn
çağırış və vəzifələrin icrası məqsədilə iki qurum arasında
əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımdan vacib rol
oynayacaqdır.

Teqlər: