Dövlət Gömrük Komitəsinin sədri Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

Aprelin 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini ilə
görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında
iqtisadi-ticari əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan
sonra da davamlı olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük
işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar
barədə məlumat verən Komitə sədri tətbiq edilən yeniliklərin
beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə
reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə
şərait yaratdığını deyib.

DGK sədri Səfər Mehdiyev “Azərbaycan Respublikası Hökuməti ilə
Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in
bu il ərzində imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki
ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul
verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə
çatdırıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcminə də
toxunan Komitə sədri dövriyyənin daha da artırılması ilə bağlı
imkanların mövcudluğunu və bu imkanlardan maksimum yararlanmağın
vacibliyini bildirib.
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətindən məmnunluğunu
ifadə edib, Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük
önəm verdiyini vurğulayıb.

Hər iki ölkə üçün qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət
daşıdığını diqqətə çatdıran səfir bu əlaqələrin, o cümlədən
iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük
xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında münasibətlərin hazırkı durumundan, bu
sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Meksika
gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün
qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd
edib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Teqlər: