Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən
islahatların davamı olaraq sıravi heyət ixtisasları (növbə matrosu,
növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kran operatoru)
üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi
prosesi sadələşdirilir.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən
“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə
çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə “Uyğunluq
haqqında Şəhadətnamə” verilmiş, sıravi heyət hazırlığını həyata
keçirən təlim-tədris müəssisəsində təşkil olunmuş buraxılış
imtahanlarından müvəffəqiyyətlə keçən şəxslər Agentlikdə
sertifikatın (diplomun) verilməsi üçün keçirilən imtahandan azad
olunurlar.
Müdavimlərin təlim-tədris mərkəzlərində hazırlıq kurslarını
bitirməsi haqqında müvafiq sənədləri əsasında onlara Beynəlxalq
Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın
II/4-cü, III/4-cü, III/7-ci qaydalarının tələblərinə uyğun olaraq
və milli qanunvericiliyə əsasən dənizçi vəzifələri üzrə
sertifikatlar (diplomlar) veriləcək.
Məlumat üçün bildirmək istərdik ki, bu islahata qədər sıravi
heyət ixtisasları üzrə hazırlığı bitirən şəxslər ilk dəfə
sertifikat (diplom) almaq üçün Dövlət Dəniz və Liman Agentliyində
təşkil olunan test imtahanlarında iştirak etməli idilər.
Əlavə edək ki, islahatlar çərçivəsində daha öncə komandir heyəti
üzvləri eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş
sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün
təkmilləşdirmə kurslarını bitirdikdən sonra Agentlikdə keçirilən
imtahanlardan azad edilmişdi.
Eyni zamanda bildiririk ki, imtahan prosesinin və suallarının
təkmilləşdirilməsi üçün Dövlət Dəniz və Liman Agentliyində ekspert
komissiyasının yaradılmasına dair qərar qəbul edilib. Bu barədə
ictimaiyyətə tezliklə əlavə məlumat veriləcək.