DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Bərabərik” televiziya layihəsinin üçüncü mövsümünün çəkilişləri davam edir (FOTO)

“Bərabərik” televiziya verilişinin üçüncü mövsümünə start
verilib. Bu mövsüm ilk verilişinin səhnə duetini xalq artisti
Gülyanaq Məmmədova və DOST İnküziv inkişaf və Yaradıcılıq Mərkəzin
benefisiarı Yasər Əzizov təqdim edib. İkinci verilişdə isə Əməkdar
artist Zaur Əmiraslanov və onun duet ortağı fiziki məhdudiyyətli,
lakin istedadı olan Dəyanət Məmmədovun ifası televizya
tamaşaçılarına təqdim ediləcək.

Məlumat üçün bildirək ki, hər bir ifa canlıdır və fonoqramdan
istifadə olunmur. Layihə iştirakçılarının hər biri üçün səsyazma
studiyalarında peşəkar musiqiçilərdən ibarət ansambl ilə davamlı
olaraq məşqlərinə şərait yaradılır.

Proqram çərçivəsində hər bir iştirakçının həyat hekayəsi,
onların ifa etdikləri mahnıların tarixçəsi barədə süjetlər
hazırlanaraq tamaşaçılara təqdim edilir.

İstedad sərhəd tanımır. Əlillik qüsur deyil və yaratmağa, özünü
inkişaf etdirməyə maneə ola bilməz. Layihənin məqsədi Azərbaycan
cəmiyyətində istedadı olan hər kəsə bacarığını nümayiş etdirmək
üçün fürsət yaratmaqdır. Gənclər burda topladıqları təcrübə
sayəsində gələcəkdə peşəkar səhnədə sərbəst çıxış etmək imkanı
qazanacaqlar.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə
inteqrasiyası və təşviqatı məqsədi ilə “Qəlbin nəğməsi” adlı
musiqili albomu hazırlanıb. Albomda görmə, hərəkət və əqli
məhdudiyyətli şəxslər, Qarabağ müharibəsi əlilləri ilə yanaşı,
tanınmış müğənnilərin də ifaları yer alıb. Elə həmin ildə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi ilə MTV Azərbaycan kanalının birgə əməkdaşlığı
çərçivəsində “Bərabərik” telelayihəsi ərsəyə gətirilib. Silsilə
verilişlərdə tanınmış sənətkarlar, musiqişünaslar iştirak
edirlər.

Teqlər: