DOST Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında memorandum imzalanıb (FOTO)

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında birgə
əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST
Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan
Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov
imzalayıblar.

ATMU-nun rektoru İlham Mədətov memorandumun qarşılıqlı
əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib. Onun
sözlərinə görə, qısa müddət ərzində sosial sahədə brendə çevrilən
DOST Agentliyinin təcrübəsi artıq xarici ölkələr tərəfindən
öyrənilir.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov
vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat
və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu
sahədə ATMU-nun potensialına böyük ümid etdiyini bildirən Fərid
Məmmədov imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr
gətirəcəyini qeyd edib.

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi,
birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində
bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa
gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini,
araşdırma, statistika və təhlillərin aparılmasını və digər
məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri
sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll
yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini
tapıb.

Razılaşma çərçivəsində Azərbaycan Turizm və Menecment
Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü
və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı,
Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya
infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin
gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak
edəcəklər.

Teqlər: