DİM doktorantura və dissertantura imtahanlarına dair yeni tələbləri açıqladı

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul
və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər
açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzerTimes-a bildirilib ki, xarici
dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd
(doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq
doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında
çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və
bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq
fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni
dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə
olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı
olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün
qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə
xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun
işlənməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət
ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 200-250 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Üslubu publisistik olmalı;

Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir
yürüdülməli;

Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən
yerli-yerində istifadə edilməli;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan
vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram)
və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər
bunlardır:

Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual
məlumata uyğun olmalı;

Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə
etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla
fərqləndirilməli;

Həcmi 150-180 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Elmi-publisistik üslubda olmalı;

Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və
müqayisələr aparılmalı;

Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər
arasında məntiqi rabitə gözlənilməli;

Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir
olunmalı;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Teqlər: