Dillər Universitetində “Azərbaycan-Çin teatr əlaqələri” seminarı

Azərbaycan Dillər Universitetində “Azərbaycan-Çin teatr
əlaqələri” seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi
İnstitutunun direktoru Rafiq Abbasov teatr sənəti sahəsində
Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə
arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan
müqavilənin əhəmiyyətini də vurğulayıb.

R.Abbasov, teatr sənətinin xalqlar arasında sülhün
möhkəmləndirilməsinin və qarşılıqlı anlaşmanın vacib vasitəsi
olduğunu, eyni zamanda Azərbaycan-Çin teatr əlaqələrini inkişaf
etdirmək üçün ADU-nun nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı
ilə keçirilən tədbirlərdən bəhs edib. O, həmçinin qeyd edib ki,
1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi
Eksperimental Teatrında səhnəyə qoyulub. Sonradan Çin Milli
Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii
Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300
dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çinin paytaxtında
səhnələşdirilən ilk xarici operettadır.

Seminarda çıxış edən ADU-nun çinsünas tələbələri Çinin tanınmış
teatr xadimlərinin Bakıda keçirilən beynəlxalq elmi-praktik teatr
konfranslarında iştirakından, Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının, Bakı Musiqi Akademiyasının, Bakı Uşaq və Gənclər
Teatrı nümayəndələrinin “İpək Yolu” Çin Teatr Liqasının
forumlarında, Milli Musiqi Günlərinə və ənənəvi teatr sənəti
növlərinə həsr olunmuş “Böyük Çin səddi” teatr festivallarında
iştirakından, Çin teatrlarının Azərbaycanda qastrol səfərləri, Çin
teatrlarının birgə teatr tamaşaları, musiqili teatr qrupları və
ifaçılarının mübadiləsindən bəhs ediblər.

Tələbələr, 1926/27-ci il mövsümündə Bakı Fəhlə Teatrında
“Hönkür, Çin” tamaşasının səhnələşdirilməsindən danışıblar.
Tamaşanın süjet xətti 1924-cü ildə Vansyan şəhərində baş vermiş
real hadisələrə əsaslanırdı. Tamaşanın qəhrəmanları xarici
zülmkarlara qarşı mübarizəyə qalxan adi çinlilər idi. Tələbələr,
həmçinin qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin
Operasının direktoru Mey Lanfan ilə görkəmli Azərbaycan opera
müğənnisi Bülbül arasında dostluq münasibətləri və iki ölkənin
opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin
mədəniyyətinin yaxınlaşdırılması üzrə onların yaradıcılıq planları
ilə bağlı danışıblar.

Teqlər: