DGK Ukrayna yük maşınlarının cərimə olunması məsələsinə aydınlıq gətirib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə
Ukraynada daimi qeydiyyatda olan yük nəqliyyat vasitələrinin gömrük
orqanları tərəfindən 800 ABŞ dolları məbləğində cərimə olunduğuna
dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, həmin nəqliyyat
vasitələrinin sürücüləri Ukrayna ərazisində davam edən hərbi
əməliyyatlar səbəbilə Azərbaycanda müddətdən artıq qaldıqları üçün
cərimə olunduqlarını iddia ediblər.

“Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat
vasitələrinə hər hansı cərimə tətbiq edilməyib. Ancaq mövcud
qanunvericiliyə müvafiq olaraq yük nəqliyyat vasitələri yol
vergilərinə cəlb olunub.

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu
maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və
Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici
dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma
obyektidir. Bu məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan
Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və
avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən,
Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli
yüklərin daşınmasından asılı olaraq yol vergisinə və “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə
əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil
daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna
cəlb edilir.

Bununla yanaşı beynəlxalq avtomobil əlaqələri haqqında
ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat
vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş “İcazə”
blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin
sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol
vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad
olunurlar. 1 iyul 1999-cu il tarixli “Azərbaycan Respublikası
Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bağlanmış Beynəlxalq
Avtomobil Nəqliyyatı haqqında Sazişə” əsasən yük nəqliyyat
vasitələri qarşılıqlı əsasda kvota çərçivəsində mübadilə edilmiş
“İcazə” blankları ilə yol vergisindən azad olunurlar.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 211.1.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası
ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil
əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar
çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə Azərbaycan
Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda
olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində
azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün
sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin
211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə
cəlb edilirlər. Həmin yük nəqliyyat vasitələri qanunvericilikdə
nəzərdə tutulan müddətdə ölkə ərazisini tərk etmədikləri üçün yol
vergilərinə cəlb olunublar.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə və Beynəlxalq
Sazişlərə uyğun olaraq həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanıdır”, – deyə DGK-dən bildirilib.

Teqlər: