DGK əməkdaşları Çarlston şəhərində keçirilən təlimdə iştirak ediblər (FOTO)

Dövlət Gömrük Komitəsinin əməkdaşları ABŞ-ın Cənubi Karolina
ştatının Çarlston şəhərində “Beynəlxalq dəniz limanı qadağaları”
adlı təlimdə iştirak ediblər.

Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə Beynəlxalq İxrac
Nəzarəti Proqramı çərçivəsində təşkil olunan təlimə Dövlət Gömrük
Komitəsinin 10 əməkdaşı qatılıb.

Təlim prosesində “ABŞ Gömrük və Sərhəd Mühafizəsi”, “Çarlston
dəniz limanı”, “Dəniz limanında təhlükəsizlik”, “Hədəf seçmə”,
“Gəmilərin yoxlanılması” mövzularında təqdimatlar nümayiş
etdirilib.

Azərbaycan gömrükçülərinə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin
tərkibinə daxil olan Gömrük və Sərhəd Mühafizəsinin (GSM) vəzifəsi,
fəaliyyəti, Çarlston limanının fəaliyyətinin təşkili qaydası, dəniz
limanında təhlükəsizliyə təhdidlər və onlardan qorunmanın yolları,
hədəf seçərkən təhlil olunan informasiyanın və sənədlərin növləri,
yoxlama məqsədilə yüksək riskli gəmiləri hədəf seçmək üçün istifadə
olunan məlumatlar və proqramda nəzərdə tutulan digər mövzularda
bilgi verilib.

Bundan başqa, iştirakçılara “Dəniz limanında ixrac
əməliyyatları”, “Kütləvi qırğın silahları”, “Daxili sövdələşmələr”,
“Konteyner plombları və avadanlığı”, “Yük konteynerlərinin
yoxlanılması”, “Milli Hədəf Mərkəzi”, “ABŞ Sahil Mühafizə Dəstəsi:
Azadlıq Qalxanı”, “İdarələrarası Əməliyyatlar Mərkəzi”, “GSM
Laboratoriyaları və Elmi Xidmətləri” mövzusunda təqdimatlar nümayiş
etdirilib.

GSM Laboratoriyaları və Elmi Xidmətlərinin (LEX) rolu və onun
imkanları, elmi işçilərin fəaliyyət konsepsiyası, LEX-in səyyar
əməliyyatlar sistemi, istifadə olunan elmi araşdırma alətlərinə
dair məlumatlar da təlimin gündəliyində yer alıb.

Beşgünlük təlim çərçivəsində Azərbaycan gömrükçüləri Çarlston
dəniz limanında GSM əməkdaşları tərəfindən istifadə olunan texniki
nəzarət vasitələri, konteynerlərin və qaçaqmal faktları aşkar
olunmuş malların gizli saxlanc yerləri ilə əyani şəkildə tanış
olublar.

Daha sonra CSM tərəfindən malların, nəqliyyat vasitələrinin
yoxlanılması üçün istifadə olunan gömrük anbarına səfər təşkil
olunub, təlim iştirakçıları gömrük anbarındakı malların
yoxlanılması prosesində də iştirak ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Teqlər: