“Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Aprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri
və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi
masa keçirilib.

AzerTimes-ın məlumatına görə,
yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri
tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların
artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı
mübarizə üsullarından bəhs olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin
moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı
üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və
texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə
yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi
aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha
geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda
etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir
sıra problemlərə səbəb olur.

Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin
fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: “Media
azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə
ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada
əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq,
cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı,
jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır.
Media savadlılığı çox mühüm şərtdir”. ATƏT rəsmisi vurğulayıb ki,
Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə,
dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd
İsmayılov Azərbaycanda “Media haqqında” yeni Qanun qəbul edildiyini
diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində
məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün
tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox
məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə
müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini
tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir,
söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması
mühüm amillər kimi diqqət çəkir.

“Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz,
fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə
ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə,
media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır”, –
deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet
mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında
sosial şəbəkələr öz rolunu oynayır.

Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan
Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət
formalaşdırır.

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət
Səftərov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin
sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin
sədri Azər Xəlilov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin
Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq
Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması,
informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə
çatdırıblar.

Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət
özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın
qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və
maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl
prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır.
Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media
nümayəndələrinə qarşı tədbir görülməlidir. Dəyirmi masa
müzakirələrlə davam edib.

Teqlər: