Deputat Könül Nurullayeva Autizm Mərkəzinə baş çəkib (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonunda yeni
inşa edilən Autizm Mərkəzinə baş çəkib, direktor Aytən Eynalovanın
rəhbərliyi altında mərkəzin kollektivi ilə görüş keçirib.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə,
K.Nurullayeva daha sonra autizmdən əziyyət çəkən gəncimiz Kənan
Məmmədovun ifasında Rəşid Behbudovun “Nazəndə sevgilim” mahnısını
dinləyib. O bildirib ki, Kənan Məmmədov kimi onlarla istedadlı
gəncimiz hal-hazırda Mərkəzdə təhsil almaqdadır. “Bu səbəbdən,
Autizm Mərkəzi gələcəyimiz olan gənclərin cəmiyyətə inteqrasiya
olunması baxımından olduqca əhəmiyyətli rol oynayır”, – deyə millət
vəkili əlavə edib.

K.Nurullayeva xüsusi qayğıya ehtiyacı olan uşaqların mütəmadi
olaraq diqqət mərkəzində saxlanılmasından, onların yüksək səviyyədə
təhsilinin təmin olunmasından, göstərilən qayğı və diqqətdən,
yaradılan mərkəzlərin əhəmiyyətindən bəhs edib. Bu səbəblə, deputat
K.Nurullayeva belə bir müasir Mərkəzin yaradılmasında əməyi keçən
hər bir kəsə bir daha təşəkkürünü çatdırıb.


Qeyd edək ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqların
intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli
təşkili üçün Mərkəzdə hər cür lazımi şərait yaradılıb. Belə ki,
Autizm spektr pozuntuları ilə üzləşmiş şəxslər burada zəruri
ünsiyyət və həyat bacarıqlarını inkişaf etdirə, eləcə də autizm
sahəsində maarifləndirici layihələr həyata keçirə bilərlər.

Teqlər: