Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə
Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına
dəstək layihəsi”nə yekun vurulub.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin
müavini Oqtay Məmmədov layihənin əsas missiyasının Cəmiyyətin
hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin
inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi
təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək
olduğunu diqqətə çatdırıb. O, Cəmiyyət tərəfindən mütəmadi olaraq
icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət
proqramlarına dəstək göstərmək, əhalinin rifah halının
yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib. Sədr müavini
gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün
müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Daha sonra KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə
koordinatoru Anar Əliyev dövlət qayğısı sayəsində regionda
sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi
və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli
mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin
göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verib, sözügedən
layihənin töhfələrindən danışıb. O, təlimə cəlb edilmiş yerli
fermerlərlə mütəmadi əlaqə saxlanılacağını və dəstəyin davam
etdiriləcəyini qeyd edib.

Daha sonra təlim və praktiki məşğələlərdə iştirak etmiş Daşkəsən
rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət
göstərən arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Tədbir
çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya
ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan
ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman
preparatları hədiyyə edilib.

Xatırladaq ki, layihənin ilkin mərhələsi çərçivəsində “AzerGold”
QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən
yerli icmaların layihədən yararlanması imkanlarını
müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat
sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan
qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı
fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş təşkil
edilib. Layihənin növbəti mərhələsində isə müəyyən edilmiş
ehtiyaclar üzrə cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz
qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə
üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Proqram
çərçivəsində parazitar xəstəliklərin müalicə və profilaktikası, bu
sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın
artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Eyni
zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti fermerlərə
maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili
mövzularında seminar keçirib. Təlimlərdə fermerləri maraqlandıran
suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Teqlər: