Daşkəsən rayonunda yerli sakinlər və arıçı fermerlərlə görüş keçirilib (FOTO)

30-31 mart tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) iştirakı ilə
Daşkəsəndə yerli sakinlərlə görüşlər keçirilib.

QSC-dən AzerTimes-a verilən
məlumata görə, cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal
Sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində yaşayan
əhalinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə
keçirilən görüşdə Komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyəti
sədrinin müavini Xəyyam Fərzəliyev çıxış edərək, sosial sahədə
görülən işlər və yeniliklər barədə geniş məlumat verib.
X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində
icra edilməkdə olan layihələrin əhəmiyyətini vurğulayıb. Bildirilib
ki, Sosial Təsir və Məsuliyyət Siyasəti çərçivəsində təşkil edilən
bu tip tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla
yanaşı, bu bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə
xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni
təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri
müraciətlərlə bağlı müvafiq addımların atılması üçün tapşırıq və
tövsiyyələrini verib. Bununla yanaşı, KSM komitəsinin nümayəndələri
tərəfindən sosial ehtiyacların hərtərəfli araşdırılması üçün
sorğular keçirilib.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş
təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş
və sorğuların vaxtaşarı təşkili davam etdiriləcək.

Növbəti görüşdə Daşkəsən rayonunun Bayan, Quşçu və Zəyəm
kəndlərində fəaliyyət göstərən arıçılar iştirak ediblər. Görüşün
keçirilməsində əsas məqsəd kənd arıçılarını bir araya gətirərək
mövcud imkanlar və “AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin dəstəyilə keçirilən “Arıçılara
dəstək” layihəsi barədə məlumatlandırmaq, layihədən yararlanması
imkanlarını müəyyənləşdirməkdir. Tədbirdə arıçılıq fəaliyyəti
zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və
onların aradan qaldırılması yolları müzakirə edilib, təşəbbüslərlə
bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınıb.

Layihə çərçivəsində fermerlərə peşəkarlar tərəfindən metodiki
yardımın göstərilməsi, arıxanalarda baytar-sanitar qaydalara uyğun
işlərin aparılması, arıçılığa ziyan vuran parazitar xəstəliklərin
müalicə və profilaktikası, bu sahə üzrə innovativ yeniliklərin
tətbiqi və s. istiqamətlərdə məlumatlılığın artırılması məqsədilə
təlimlərin təşkil edilməsi planlaşdırılır. Bununla yanaşı,
təlimlərdə iştirak edən kənd sakinlərinə arı ailələri və müvafiq
ləvazimatların paylanması, bununla yanaşı, ərazidə nektar verən
ağac və kolların əkilməsi nəzərdə tutulur.