DANX TIR sürücülərinin etirazına münasibət bildirib

Bildirmək istəyirik ki, 2021-ci il ilin iyun ayından etibarən
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti (DANX) tərəfindən beynəlxalq daşıma icazələrinin
bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata
keçirilir.

AzerTimes-ın məlumatına görə, bu
barədə xidmətin TIR sürücülərinin etirazına münasibət olaraq
verdiyi açıqlamada deyilir.

Qeyd olunur ki, icazələrin bölgüsü prosesində daşıyıcıların
özlərinin də iştirakı təmin edilib.

“Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc
edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olan neqativ hallar
tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara
ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən
tam maneəsiz əldə edirlər. Məlumat üçün bildirək ki, “İcazə”
blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan
real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların
qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq
daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara
çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də
səbəb olur.

Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq
Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir
və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir.
Yalnız bir daşıyıcı-Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə
əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə
məşğul olub.

Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə
qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar
verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və
hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda
“İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə
pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin
normal iş ahəngini pozmuşdur.

Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov
növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini
pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə
müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük
avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından
götürülmüş və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15
sutka inzibati həbs qərarı çıxarılmışdır.

Onu da bildiririk ki, Cəfərov Rəmiş tərəfindən əvvəllər də bir
sıra qanun pozuntularına yol verilib. Belə ki, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra
və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə
ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi
əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla
ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə
daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və
verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını
xahiş etmişdir.

Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna
əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat
vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan
marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin
kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək
Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda
tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə
keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş
vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük
orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya
salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl
gətirilmişdir.

Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı
Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici
ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi
olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və
dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən
nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında
saxlanılıb.

Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq
daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların
tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və
Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə
alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group
Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılmışdır. Yəni milli
daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş
etirdimişlər.

Qeyd edək ki,“İcazə blankları” verilərkən daşıyıcıların həmin
blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən
əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi
nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa
müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron
proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü
prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə
çıxışını daha da asanlaşdırmaqdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayon
ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayıb və nəticədə
Heydər Əliyev prospektində tıxac yaranıb.

.

Teqlər: